CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana 800 minə yaxın əcnəbi müraciət edib

Azər Allahverənov: "Ölkəmizdə qeyri-qanuni miqrantların sayında azalma müşahidə olunur"
Sputnik

BAKI, 16 fevral — Sputnik. "2017-ci il Azərbaycanda miqrasiya proseslərinin dinamik və effektiv idarə olunduğu dövr kimi xarakterizə olunur". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov

O bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf onu miqrantlar üçün cəlbedici ölkəyə çevirib: "Statistik rəqəmlər də bunu deməyə əsas verir. 2016-cı il ərzində ölkədə qalma müddətinə müvafiq olaraq, 672.337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb. 2017-ci ildə isə bu rəqəm 794 mindən çox olub. Bu, təxminən 18 faizlik artım deməkdir".

"Bununla yanaşı, Azərbaycanda qeyri-qanuni miqrantların sayında isə azalma müşahidə olunur. Əgər 2016-cı ildə ölkə ərazisində 26 min qeyri qanuni yaşayan miqrant müəyyən edilmişdisə, 2017-ci ildə bu say 21 minə qədər azalıb. Bu, müvafiq qurumların qeyri qanuni məskunlaşma ilə mübarizə sahəsində apardığı işlərin nəticəsi kimi qiymətləndirilə bilər".