TƏHLİL

"ABŞ Türkiyəni itirdiyinin fərqində deyil"

Politoloq: "Afrin əməliyyatı uzandıqca Amerika Türkiyənin problemlərini artırmağa çalışacaq"
Sputnik

BAKI, 16 fevral — Sputnik. "Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz "Facebook" səhifəsində yazıb.

"ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, "gəlin, PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq". Guya söhbət iki fərqli terrorçu qrupdan gedir. Harada görünüb ki, təşkilat özü ilə mübarizə aparsın? Həmin təşkilatların liderləri də eynidir, amalları da", — politoloq qeyd edib.

Şahinoğlu başqa bir məqama da diqqət çəkib: "İkinci qəribə fikri ABŞ-ın dövlət katibi Reks Tillerson səsləndirib. Ankaraya ayaq basmadan öncə səfərdə olduğu Beyrutda deyib ki, "məgər biz Suriyadakı kürdlərə ağır silahlar vermişik, indi onu geri qalaq?" Söhbət Türkiyənin tələbindən gedir ki, suriyalı kürdlərə verdiyiniz silahı geri alın. Geri almaq qalsın bir yana, hələ əlavə maliyyə yardımı ayırıblar terrorçulara".

"Belə görünür ki, Tramp administrasiyasının Türkiyə siyasəti düzəlməyəcək. Tillerson da gəldiyi kimi gedəcək. Afrin əməliyyatı uzandıqca Amerika Türkiyənin problemlərini artırmağa çalışacaq", — siyasi şərhçi vurğulayıb.