BAKI, 15 fevral — Sputnik. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı hökumətin enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırdığını, bununla da iqtisadiyyatın uzunmüddətli davamlı inkişafını təmin etdiyini qeyd edib: “Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra — 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.
Prezident İlham Əliyev qeyd edib ki, 1994-cü il faktiki olaraq tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi olub: “Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi. Mən sadəcə olaraq xatırlatmaq istərdim ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir. İki il keçəndən sonra — 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalandı və hazırda “Şahdəniz” hələ ki, Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə mühüm hadisə oldu, çünki bu, bizə yenidən milyardlarla investisiya cəlb etməyə kömək etdi və Azərbaycan neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildi. Bu gün bu iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas kəmər infrastrukturunun tikintisini stimullaşdırdı. Bu gün bu iki meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı. Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə, Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər 1990-cı illərin sonunda açılaraq xam neft nəql edən kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı. Lakin bu, yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində olan — Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevirir”.
Dövlət başçısı 2007-ci ilin də ölkə tarixində mühüm il olduğunu qeyd edib: “Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. Biz “Şahdəniz” yatağının işlənilməsinin yeni mərhələsi üçün yeni imkanların yaradılması yollarını müzakirə edirik. Əlbəttə ki, bizim qazımızı Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan kəmərə ehtiyacımız var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq, “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra — 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub”.