CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının marşrut sistemində daha bir dəyişiklik

Sərnişinlər bu marşrut xəttində nağdsız ödənişə keçirlər
Sputnik

BAKI, 14 fevral — Sputnik. Daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, 17.02.2018 tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını "BakıKart" vasitəsi ilə ödəyəcəklər.

Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu" MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb. 52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin "BakıKart" əldə etməsi, eyni zamanda balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.

Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart" vasitəsi ilə həyata keçirilir.