BAKI, 13 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-dən məlumat verilib.
Bildirlib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrin test imtahanlarında müəyyənləşdirilmiş keçid balını toplayan namizədlərdən 245 nəfəri vakansiya seçimini edib. Onlardan 35-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 60-ı uşaq birliyi təşkilatı rəhbəri, 150-si laborant olmaq istəyən şəxslərdir.
Vakansiya seçimini etmiş namizədlər yaxın vaxtlarda müsabiqələrin müsahibə mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 21, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 39 (16 daimi, 23 müvəqqəti xarakterli), laborant vəzifəsi üzrə 157 (75 daimi, 82 müvəqqəti xarakterli), ümumilikdə 217 vakansiya seçim üçün namizədlərə təqdim edilib. Hər bir namizədə 5 vakant yer seçmək imkanı verilib.