SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazir: Türkiyə-ABŞ münasibətlərinə tamamilə son qoyula bilər

Nazir, Türkiyənin heç bir müttəfiqinə qarşı səhv hərəkət eləmədiyini, ancaq ABŞ-dan çox ciddi xətalı davranışlar gördüklərini söyləyib
Sputnik

BAKI, 13 fevral — Sputnik. "Amerika ilə münasibətlərimiz ya düzələcək, ya da tamamilə pozulacaq". Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (Mevlut Çavuşoğlu) jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir Türkiyənin heç bir müttəfiqinə qarşı səhv hərəkət eləmədiyini, ancaq ABŞ-dan çox ciddi xətalı davranışlar gördüklərini söyləyib:

"Biz bugünədək heç bir müttəfiqimizə, dostumuza qarşı yanlış hərəkət eləmədik. Amma müttəfiq saydığımız Amerikadan özümüzə qarşı ciddi səhvlər gördük. Terrorçu saydığımız FETÖ və PYD/YPG təşkilatlarını mühafizə edirlər. Bizə verdikləri sözləri tutmurlar. Ona görə də, ABŞ-a etibarımızın itməsi normaldır. Onlardan bu səhvləri düzəltmələrini gözləyirik. Amerika ilə münasibətlərimiz ya düzələcək, ya da tamamilə pozulacaq".

"YPG terrorçularını İŞİD-lə mübarizə adı altında Fərat çayının qərbinə — Münbiçə kim keçirdi? Amerika. Onları kim silahlandırdı? Amerika. İŞİD Münbiçdə məğlub olandan sonra biz onlara dəfələrlə söylədik ki, PYD/YPG-ni Münbiçdən çıxarın, söz verildi ancaq icra olunmadı. Bizə uşaqların da inana bilməyəcəyi bəhanələr gətirirlər. PYD-yə dəstəklərini davam etdirmək üçün çox kiçik bir qrup İŞİD-liyə toxunmurlar. Türkiyə bütün bunları görür. Rəqqanı havadan və qurudan günlərlə bombaladınız. Minlərlə günahsız sivili qətlə yetirdiniz. Bunu PYD/YPG ilə birgə İŞİD-lə mübarizə adı altında etdiniz. Həmin o İŞİD terrorçularını kartejlərlə şəhərdən təhlükəsiz şəkildə çıxararaq Münbiçə, Afrinə Türkiyə ilə savaşdırmaq üçün gətirdiniz. Bütün dünya o anları televiziyadan izlədi", — Mövlud Çavuşoğlu qeyd edib.

Nazir sonda əlavə edib ki, Türkiyə Suriyanın şimalını, İraq sərhəddinə qədər olan ərazini PYD-dən təmizləməyə davam edəcək.

"Suriyalılar onların ölkələrini bu terror pisliklərindən təmizlədiyimizə görə bizə minnətdar olacaqlar. Savaş bitəndən, torpaqlar terrorçulardan təmizlənəndən sonra suriyalılar öz yurd-yuvalarına qayıdacaqlar", — Çavuşoğlu deyib.