CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni köçürülmələrin anonsu verildi

Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir
Sputnik

BAKI, 13 fevral — Sputnik. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi ilə əlaqədar işlər davam etdirilir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan toplantıda bildirib.

Bakıda plana düşən köhnə binalar sökülür

O bildirib ki, bu binalardan 11-nin tikinti işlərinə başlanılıb: "İnşaat işlərinə 750 nəfər cəlb olunub. 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi yaşayış evinin, cəmi 1049 mənzil və fərdi yaşayış evinin sökülərək yeni layihələr üzrə 302536 kv.m ümumi sahəsi olan ümumilikdə 3372 mənzilin tikilməsi nəzərdə tutulur. Hal-hazırda Abbas Mirzə Şərifzadə küçəsi 86 və 122 nömrəli yaşayış evlərinin tikinti-quraşdırma işləri başa çatdırılıb, mənzillərdə təmir-tamamlama işləri aparılır. Yaxın vaxtlarda yaşayış evləri sakinlərin istifadəsinə veriləcək".

İcra başçısı, həmçinin qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə paytaxt Bakıda həyata keçirilən "Pilot" layihənin başqa bir özəlliyi də var: "Belə ki, artıq çoxmərtəbəli yaşayış binaları boş sahələrdə deyil, qəzalı və yaşayış üçün yararsız binaların yerində inşa edilir. "Pilot" layihənin icrası 10 illiklər boyu qəzalı evlərdə təhlükə altında yaşayan insanların mövcud mənzillərindən sahəsi 20 faizdən artıq yeni təmirli mənzillərlə təmin edilərək mənzil–məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət etməklə bərabər, həmçinin, yeni iş yerlərinin açılmasına, inşaat bazarının canlanmasına və tikinti sektorunun inkişafına öz müsbət təsirini göstərir".

"Bakı şəhərinin hələ SSRİ dövründə bir neçə dəfə təsdiq olunmuş Baş Planında paytaxtın ən böyük problemlərindən biri "Sovetski" adlanan ərazidən sakinlərin köçürülməsi olub. Lakin çox böyük vəsait tələb olunduğundan bu məsələ öz müsbət həllini tapmayıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq reallaşdırılıb" — Əzizov vurğulayıb.

Onun sözlərinə görə, 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilib, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib: "Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar "Sovetski" adlanan ərazidə müasir yeni yol infrastrukturu istismara verilib, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilməyə başlanılıb. Hal-hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar işlər davam etdirilir. Burada 9814 ünvanda ölçü işləri aparılıb".

Rayon rəhbəri diqqətə çatdırıb ki, "Sovetski" adlanan ərazidəki istifadəyə yararsız evlərin satınalınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə "Təzə Pir" məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib: "Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir. Artıq bu məqsədlə vəsait ayrılmış, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdiilməsi məqsədilə tenderlər keçirilmişdir. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir".