RUSİYA

Rusiyada yanğın nəticəsində azərbaycanlı ailə həlak olub

Yanğın nəticəsində ölənlərdən yalnız iki nəfərin adı məlumdur. Onlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır
Sputnik

BAKI, 13 fevral — Sputnik. Rusiyanın Orenburq vilayətində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə istintaq İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır.  

İlkin istintaqın versiyasına görə, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğın söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub. Xəstəxanaya aparılan zaman 3 yaşlı qız və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

"Cinayət işinin araşdırılması çərçivəsində profilaktik sistem orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə lazımi hüquqi qiymət veriləcək. Eləcə də istintaqla cinayətə yardımçı olan şərait və səbəblər aydınlaşacaq. Hal-hazırda baş vermiş cinayətin məqamlarının, eləcə də cinayətdə əli olan şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri aparılır. Həlak olanların ölüm səbəbinin müəyyən olunması ilə bağlı ekspertizalar təyin olunub", — deyə İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, yanğın nəticəsində ölənlərdən yalnız iki nəfərin adı məlumdur. Onlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır.

Orenburqdakı Azərbaycan icmasından APA-ya verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin olduğu bildirilib. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N.Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N.Quliyev, onun iki azyaşlı övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən olmayan bir kişi ölüb, 5 nəfər isə yaralanıb. Yanğını törətdiyi ehtimal olunan qadın isə hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.