BAKI, 13 fevral — Sputnik. Dünən Rusiyanın Orenburq şəhərində baş verən verən yanğın zamanı həlak olan və xəsarət alanların adları müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Orenburqdakı Azərbaycan diasporunun nümayəndəsi Yaşar Məsimov öz "Facebook" səhifəsində yazıb.
Onun yazdığına görə, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları — Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva (Hətəm Quliyevin 3 yaşlı qızı), Eysavar Quliyev (Hətəm Quliyevin 6 yaşlı oğlu) və 45-46 yaşlarında olan Əmrah adlı bir nəfər ölüb.
Xəsarət alanlar: Quliyeva Sevinc Zaur qızı (8 yaş), Quliyeva Aytən Eysavar qızı (19 yaş), Quliyeva Sədaqət Eysavar qızı (1992-ci il təvəllüdlü), Quliyeva Sevinc Şiraslan qızı (1969-cu il təvəllüdlü) və İzzət Quliyeva (82 yaş).
Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib. Hadisə məişət zəminində ailə münaqişəsi nəticəsində baş verib. Belə ki, Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.
Şəhərin tibb məntəqəsinə 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. 4 qadın və 8 yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir. Sədaqət Quliyevanın bədənin 95%-i yanıb. Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, yanğın olan mənzildə pəncərələri açmaq mümkün olmayıb. Çünki pəncərələrin dəstəyi çıxarılıb. Bir neçə il əvvəl bu evdə başqa bir qəza da baş verib. Belə ki, azyaşlı uşaq pəncərədən düşərək ölüb. Buna görə də, ondan sonra pəncərələrin dəstəkləri çıxarılıb. Evin tavanı yanar materialdan olduğu üçün anında alışıb.