BAKI, 13 fevral — Sputnik. Rusiyada 71 nəfərin həlak olduğu sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi rəsmi şəkildə açıqlanıb.
Sputnik xəbər verir ki, məlumatı qəzanın səbəblərini araşdıran komissiya yayıb. Açıqlama tapılan "qara qutu" yoxlanılandan sonra verilib.
Komissiyanın iddiasına görə, pilotlar uçuşun sürətini düzgün tənzimləyə bilməyiblər. Güman edilir ki, təyyarənin təzyiq göstəriciləri donduğundan, pilotlar uçuş sürəti barədə düzgün informasiya ala bilməyiblər.
Bununla belə, qeyd olunub ki, bu ilkin qənaətdir və həqiqəti tam olaraq əks etdirmir.
Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus An-148 təyyarəsi fevralın 11-də "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Sərnişinlər arasında Namiq Qəhrəmanov adlı Azərbaycan vətəndaşı da olub.