CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil bazarında son durum: Yeni qiymətlər və yeni şərtlər

"İndi vətəndaşa "hansı avtomobil daha sərfəlidir" məsləhətini vermək də məsuliyyət tələb edir"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Bildiyimiz kimi, avtomobillər üçün aksiz vergisi artırılıb. Vergi Məcəlləsinin 190.4.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycana idxal olunan mühərrikinin həcmi 2000 sm3-dək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişdirilməmiş, lakin digər minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcəsi müəyyən edilib.

Avtomobil sahiblərinin qayğısı az idi, biri də bu yandan zinhara gətirib

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, hazırda mühərrik həcmi 2-2,5 min kubmetrdən daha böyük olan avtomobillərdə qiymət artımı özünü daha qabarıq şəkildə hiss etdirir: "Mühərrik həcmi aşağı olan avtonəqliyyat vasitələrində aksiz vergisinin artımı ümumi çəkidən, yəni avtomobilin ümumi dəyərindən təqribən 5-10 faiz qiymətə təsir edib. Mühərrik həcmi artdıqca bu qiymət 30 faizə qədər artır. Bu isə kifayət qədər ciddi rəqəmdir".

Ekspert bildirir ki, aksiz vergisi avtomobilin yekun dəyərindən təqribən 30 faiz paya malik olur: "Əlavə dəyər vergisi (ƏDV) avtonəqliyyat vasitələri ölkəyə daxil olarkən onun xaricdən alış qiymətinə təsdiq olunursa, aksiz vergisi mühərrik həcminə aid olduğu üçün bu, yekun dəyərə daha çox təsir göstərir".

Osmanlının sözlərinə görə, hazırda bazar dəyəri 10 min manat olan və mühərrik həcmi təqribən 2 min kub metr olan avtonəqliyyat vasitələrinin dəyərinin təqribən 10 faizi, yəni 1000-1200 manat artması müşahidə edilir: "Mühərrik həcmi 2,5 min və daha yuxarı olan avtonəqliyyat vasitələrində isə bu rəqəm təqribən 2000-3000, bəzi hallarda daha çoxdur".

"Elə avtonəqliyyat vasitələri var ki, mühərrik həcmi 6000 kubmetr, satış qiyməti 60 min manatdır. Həmin nəqliyyat vasitələrinin qiyməti təxminən 80-85 min manata qədər artacaq. Yəni qiyməti yüksək olan avtomobil vasitələrində bu rəqəm daha böyük olacaq"- deyə ekspert qeyd edir.

Avtomobil ticarəti ilə məşğul olan Samir Məmmədov da Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində artıq bazarda bahalaşma müşahidə olunduğunu deyir: "Yanvarın birindən aksiz vergiləri artdığı üçün artıq avtomobillərdə bahalaşma var. Və bu bahalaşma köhnə avtomobillərdə də müşahidə edilir".

Bakıda müəmma davam edir: Kişilər avtomobilləri ilə birlikdə yoxa çıxırlar

Onun sözlərinə görə, vergi, mühərrikin həcmi 2000-dən yuxarı olan avtomobillərə şamil edilsə də, bahalaşma daha kiçik mühərriki olan avtomobillərdə də özünü göstərir: "Çünki köhnə avtomobilini satan istər-istəməz yeni avtomobil almaq barədə düşünür. Ona görə də baha satır ki, başqa avtomobil ala bilsin".

S.Məmmədov bildirir ki, hazırda bazarda qiymətin bahalaşması ilə əlaqədar durğunluq yaşanır: "Alıcı kütləsi azalıb. Mənə elə gəlir ki, bazarın donu martdan etibarən açılmağa başlayacaq. Çünki insanların yeni qiymətə alışması zaman alacaq".

"İndi vətəndaşa "hansı avtomobil daha sərfəlidir" məsləhətini vermək də məsuliyyət tələb edir. Çünki ehtiyat hissələrinə də yeni vergi tətbiq edilsə, yenidən düşünmək lazım olacaq. Hər bir halda alıcıya daha az mühərrik həcminə malik olan avtomobillər sərf edir. Bu, həm yanacağın az sərf edilməsi, həm ehtiyat hissələrinin münasib olması, həm də qiymət baxımından sərfəlidir" — deyə müsahibimiz vurğulayır.