SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda prezident seçkiləri: Şərtlər, qaydalar və namizədlər qarşısında tələblər

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır
Sputnik

BAKI, 12 fevral — Sputnik. Azərbaycan Respublikası Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Prezident seçkiləri ilə bağlı fəaliyyət proqramı açıqlandı

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 179-cu maddəsində (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) əksini tapıb. Seçki Məcəlləsinin 181-ci maddəsində (Prezidentliyə namizədi müdafiə üçün imza toplanması) deyilir ki, siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. (Bu qaydalar bütün namizədlər üçün keçərlidir. Seçkinin start vəziyyətində hakim və qeyri-hakim partiyası yoxdur. Yəni hər kəs namizəddir və onların üçün şərtlər bərabərdir).

Məcəllənin 189-cu maddəsində (Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər) göstərilir ki, qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir. Qeyd edək ki, Məcəllənin on üçüncü fəsli seçkiqabağı (referendumqabağı) təşviqat adlanır. Həmin fəsildə — 75-ci maddədə (Seçkiqabağı təşviqatın aparılması müddəti) göstərilir ki, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Məcəllənin 203-cü maddəsində (Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi) deyilir ki, Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Seçki Məcəlləsinin 204-cü maddəsi "Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması" adlanır. Həmin maddədə göstərilir ki, Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda prezident seçkilərinin nəticələrini etibarsız sayır:

seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin; 204.1.2. məhkəmənin qərarı əsasında.

"Prezident seçkilərindən sonra ciddi addımlar atıla bilər"

Məcəllənin 205-ci maddəsi "Prezident seçkiləri zamanı təkrar səsvermə" adlanır. Həmin maddədə deyilir ki, seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir. Konstitusiyanın 101-ci maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir. Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur. Konstitusiyanın 101-ci maddəsinin IV hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Məcəllənin 206-cı maddəsi "Təkrar Prezident seçkiləri" adlanır. Həmin maddədə göstərilir ki, prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar Prezident seçkiləri təyin edilir.

Seçki Məcəlləsinin 207-ci maddəsində (Növbədənkənar Prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi) deyilir ki, növbədənkənar Prezident seçkiləri keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarla birlikdə Konstitusiyanın 105-ci maddəsinin I hissəsində göstərilən müddətə zəruri olan seçki hərəkətlərinin həyata keçirilməsi müddətlərini müəyyən edir və cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla bilər.

Seçki Məcəlləsinin 209-cu maddəsi "Prezidentin öz vəzifəsinə başlaması" adlanır. Həmin maddədə deyilir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti 15.000 manat məbləğində aylıq vəzifə maaşı alır. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

Qeyd edək ki, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı (11 aprel 2018-ci il) açıqlanıb. Bu Plan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 fevral 2018-ci il tarixli 1/2 saylı Qərarı ilə təsdiq edilib.

Nаmizədlər fevralın 20-dən qeydə alınmaları üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Təqvim Planına görə, sənədləri səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalanadək Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər. Sənədlərin təqdim edilməsi 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək davam edəcək.

(Təqvim planının tam mətni)

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.