MƏDƏNİYYƏT

Əfsanəvi musiqi qrupu Bakıda konsert verəcək

Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib
Sputnik

BAKI, 9 fevral — Sputnik. Fank musiqi janrının əfsanələri aprelin 27-də Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər.

Sputnik Azərbaycan Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək 2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalında keçiriləcək.

Qeyd edək ki, caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup "Grammy", "Ivor Novello" və "MTV Moonmen" mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.