BAKI, 9 fevral — Sputnik. İraqın Mosul şəhəri 7 ay öncə İŞID əsarətindən qurtulub. Sakinlər İŞİD işğalı zamanı baş verən dəhşətləri danışdıqca hər kəs dəhşətə gəlir.
Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, Mənkubə məhəlləsində yaşayan 60 yaşlı Um Ammar terrorçuların qorxusundan öz uşaqlarını evdə dəfn etməli olub. Ammar bildirib ki, baş verən hadisələr zamanı ailəsində 5 nəfər dünyasını dəyişib: "Hamısını öz əllərimlə dəfn etdim. Öncə həyat yoldaşım, sonra 36 yaşlı oğlum Başar əl Abidi öldü. Terrorçular oğlumu İŞID-ə qoşulmağa məcbur ediblər. Amma oğlum qəbul etməyib. Şəhəri düşməndən qoruyan zaman oğlumun yoldaşı yaralandı. Sağ qalsa da, aldığı yaradan gəzə bilmir. Daha sonra 22 yaşlı oğlum Salih öldü və onu da evdə basdırmalı oldum".
Bir müddət sonra hücumlar zamanı qadının qızı və kürəkəni də vəfat edir. Qadın onları da evdə dəfn etməli olur.
Qeyd edək ki, yayılan xəbərlərə görə, Mosulda bu qadının taleyini yaşayan onlarla insan var. Onlar da ölən doğmalarını evdə dəfn etmək məcburiyyətində qalıblar.