CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusdan çəkic oğurlayanları nə gözləyir?

Hüseynov hesab edir ki, onları tapıb məhz həmin ictimai işlərə, özü də avtobus dayanacaqlarında təmizlik işlərinə cəlb etmək lazımdır ki, ictimai dəyərləri sevsinlər
Sputnik

BAKI, 9 fevral — Sputnik. "Qəza zamanı şüşələri sındırmaq üçün nəzərdə tutulan çəkici avtobusdan oğurlayanları anlamaq elə də asan deyil. Bu adamların motivasiyası nəymiş görəsən?"

Bu sözləri hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, bu, çox məsuliyyətsiz bir hərəkətdir: "Özü də iki istiqamətdən məsuliyyətsizlik. Birincisi, ictimai-mənəvi məsuliyyətsizlikdir. Ümumi əmlaka, ictimai nəqliyyata ziyan vurmaq ictimai dəyərlərə hörmətsizliyin ən pis formasıdır. İkincisi isə, hüquqi məsuliyyətsizlikdir. Çox güman ki, bu adamların ağlına da gəlmir ki, onlar bu 5-10 manatlıq çəkicə görə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 3 ayadək inzibati həbs oluna bilərlər, yaxud da 160 saatdan 240 saatadək ictimai işlər növündə tənbeh ala bilərlər".

Hüseynov hesab edir ki, həmin adamları tapıb ictimai işlərə, özü də avtobus dayanacaqlarında təmizlik işlərinə cəlb etmək lazımdır ki, ictimai dəyərləri sevsinlər.