SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident seçkiləri ilə bağlı fəaliyyət proqramı açıqlandı

Seçkilərlə bağlı yekun hesabat 26 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək
Sputnik

BAKI, 9 fevral — Sputnik. Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının fəaliyyət proqramının təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov və AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı fəaliyyət proqramı barədə məlumat veriblər.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahın fəaliyyət proqramının təqdimatı keçirilib

E.Salmanov deyib ki, AVCİYA Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün uzunmüddətli müşahidə missiyasını həyata keçirir: "Bu məqsədlə assosiasiya MSK-ya müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunverici baza, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, DSK və MnSK- ların fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib. Seçki Qərargahı bu işlərin icrasına 05 fevral 2018-ci il tarixdən başlayıb".

Görüləcək işlər barədə danışan M.Zülfüqarlı bildirib ki, KİV-in monitorinqi iqtidar, müxalifət və müstəqil yönümlü 8 qəzet, 2 agentliyi əhatə edir: "Seçki Qərargahı rayon koordinatorlarının attestasiyası, regional ofislərin işinin prezident seçkilərinə uyğunlaşdırılması işlərini qısa müddətdə başa çatdırıb. Seçicilərin fəallığının artırılması ilə bağlı fevralın 16-dan başlayaraq aprelin 10-na kimi regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçiriləcək. İlk seminar və treninqlər gələn həftə Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayonlarında keçiriləcək. Yaxın günlərdə müşahidəçilərə kömək məqsədilə "Yaddaş kitabçası"nəşr olunacaq".

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahın fəaliyyət proqramının təqdimatı keçirilib

Onun sözlərinə görə, uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabat 6 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək: "Seçki günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin rəy aprel ayının 12-də səhər saatlarında elan olunacaq. Prezident seçkiləri ilə bağlı yekun hesabat isə 26 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək".

M.Zülfüqarlı əlavə edib ki, seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin seçicilər arasında təbliğinə böyük önəm verir: "Seçki Qərargahı, həmçinin beynəlxalq qurumlarla əlaqələrin yaradılması, onlarla əməkdaşlığın təşkilinə də müsbət yanaşır. Seçki Qərargahı əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurası, Avropa Birliyi, ATƏT, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər qurumların nümayəndələri ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində səylərini artıracaq".