CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yolla ilk yük qatarı yola salındı

Hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir
Sputnik

BAKI, 8 fevral — Sputnik. Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb. Bu bardədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. O bildirib ki, bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Qatar 6 vaqondan ibarətdir

Bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran) — Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.