RUSİYA

"Mən onunla döyüşmüşəm, öldürməmişəm"

Andrey Draçevi öldürməkdə ittiham edilən həmyerlimiz Anar Allahverənov özünü günahkar hesab etmir
Sputnik

BAKI, 8 fevral — Sputnik. Rusiyada pauerliftinq üzrə Avropa və dünya çempionu Andrey Draçevi öldürməkdə ittiham edilən həmyerlimiz Anar Allahverənov özünü günahkar hesab etmir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu gün Xabarovskda Andrey Draçevin öldürülməsi üzrə işə baxılıb. Məhkəmənin ilk iclasında Allahverənov günahsız olduğunu bildirib və qeyd edib ki, o, Draçevlə döyüşüb, onu öldürməyib.

Anar Allahverənovun atası öldürüldü

Xatırladaq ki, ötən il avqustun 20-də Xabarovskda kafelərin birində Andrey Draçev və Anar Allahverənov arasında mübahisə başlayıb, sonradan bu proses əlbəyaxa döyüşə çevrilib. Dava zamanı aldığı zərbələrdən Draçev xəstəxanada dünyasını dəyişib.

Qətlin törədilməsində şübhəli sayılan Allahverənov bir ay sonra hüquq mühafizə orqanlarına təslim olub. Məhkəmənin birinci prosesində Allahverənov bildirib ki, o, heç kimi öldürməyib.

"Bu adi döyüş olub" — deyə Allahverənovun vəkili Konstantin Lısenko bildirib. Vəkil qeyd edib ki, birinci prosesdə bir nəfər şahid dindirilib.

Draçevin vəkili isə qeyd edib ki, tərəflər öz şahidlərini məhkəməyə dəvət edib. Məhkəmənin iclası axşam saatlarına qədər davam edib.