BAKI, 7 fevral — Sputnik. 1974-cü il təvəllüdlü Qarabağ müharibəsi veteranı və əlili Əhmədov Mübariz Şamil oğlunu vuraraq qaçan KamAZ markalı yük avtomobilinin sürücüsü dünən axşam saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Fevralın 5-də Bakı-Sumqayıt yolunda, Biləcəri enişi yaxınlığında Əhmədov ağır yaralı halda tapılıb. O, xəstəxanaya çatdırılandan bir neçə saat sonra keçinib.
İstintaq orqanlarının ehtimalına görə, sürücü qazini vuraraq hadisə yerindən qaçıb.
Bu hadisə ilə bağlı AR Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ qazisini vuran avtomobil müəyyənləşdirilib və onun sürücüsü saxlanılıb. Sürücünün adı hələlik açıqlanmır. İstintaq davam edir.