Aldadıldığını etiraf edən Ərdoğan: "O, bir meymun balasıdır"

Türkiyə prezidenti: "Obama bizə yalan danışdı, Tramp administrasiyası da eyni addımı atmaqdadır"
Sputnik

BAKI, 7 fevral — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd terror təşkilatlarından birinin lideri Mihrac Uralın Soçidə keçirilən beynəlxalq tədbirə saxta pasportla qatıldığını, Rusiya prezidenti Vladimir Putinin də bundan xəbərsiz olduğunu bildirib. Sputnik Türkiyə xəbər verir ki, İtaliya səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Ərdoğan Suriya ətrafında baş verən hadisələrlə bağlı maraqlı faktlar açıqlayıb.

Türkiyə Suriyada ikinci şəhidini verdi

O, 29-30 yanvarda Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə qatılan Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsinin (THKP-C) "Təcililər" şəbəkəsinin lideri Mihraç Uralın oraya saxta pasportla daxil olduğunu söyləyib. Ərdoğan Uralın orada iştirakına etiraz edib və Putinin bundan xəbərsiz olduğunu deyib.

"Mən "Uralın burada nə işi var?" deyə soruşduğumda Rusiya prezidenti Vladimir Putin "mənim bundan xəbərim yoxdur" dedi. Bəllidir ki, onun orada iştirakında maraqlı olan digərlərinin işidir. Onun orada iştirakını saxta sənədlərlə təmin ediblər", — deyə Ərdoğan bildirib.

Dövlət başçısı "Zeytun budağı" əməliyyatında Türkiyə tankını hədəfə alan silahın ABŞ istehsalı olduğuna dair iddialara belə aydınlıq gətirib: "Araşdırmamız davam edir. ABŞ silahın ona məxsus olduğuna dair iddiaları rədd edir, heç cür yaxına buraxmır. Baş Qərargah rəisimizdən hələlik araşdırmanın nəticəsinə dair məlumat gəlməyib. Nəticəni əldə edən kimi, bunu ictmaiyyətə bildirəcəyik".

Ərdoğan Afrin əməliyyatında YPG-nin tutduğu mövqeyə münasibətini bildirərkən deyib: "YPG bir meymun balası kimidir. Harada nə edəcəyi bəlli olmaz. Ondan hamı istifadə edə bilər. Türkiyənin belə bir meymun balasına və maşaya ehtiyacı yoxdur. YPG bir terror təşkilatıdır. ABŞ-ın bir terror təşkilatına qarşı başqa bir terror təşkilatı ilə birlikdə mübarizə aparmağa meylləndiyi mühitdə biz diqqətimizi özümüzün hansı addımları ata biləcəyimiz üzərində cəmləşdirməliyik".

Türkiyə lideri Rusiya və İranın YPG ilə müştərək iş görəcəyinə inanmadığını bildirib: "Rusiyanın, ya da İranın YPG ilə birgə hərəkət edə biləcəkləri ehtimalına inanmaq istəmirəm. Moskva və Tehranın Türkiyə ordusuna zərər vuracağına da ehtimal vermirəm".

Dövlət başçısı, ABŞ və Türkiyənin Menbiçlə bağlı müzakirələrinin nə yerdə olduğuna da aydınlıq gətirib və ABŞ prezidentlərinin bu məsələdə onu aldatdıqlarını deyib: "Menbiç yeni məsələ deyil. Bu, Obama dövründə başlamış prosesdir. Biz ABŞ-a öz niyyətimizi lap başdan söyləmişdik. Təəssüf ki, Obama bizə yalan danışdı. Tramp administrasiyası da eyni addımı atmaqdadır. Tramp bizə dedi ki, "YPG-çilər orada qalmayacaq, Fəratın şərqinə gedəcəklər". Amma olmadı".

Ərdoğanın sözlərinə görə, Tramp Menbiçin həqiqi sahiblərinin ərəblər olduğunu qəbul edib, amma verdiyi sözü yerinə yetirməyib: "Menbiç tez və ya gec əsl sahiblərinə qovuşacaq. Biz də üzərimizə düşəni edəcəyik. Bizdəki miqrantlar arasında da menbiçlilər var. Onlar artıq evlərinə qayıtmaq istəyirlər. Afrinlilər Afrinə, idliblilər də İdlibə qayıtmaq istəyirlər. ABŞ və koalisiya qüvvələri səmimi mövqe ortaya qoymalıdırlar. Türkiyədə 3,5 milyon miqrant var. Suriyalıların öz evlərinə qayıtmalarına yardım etməliyik".