CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evini təmir edən ustaya ərə gedən qadın indi küçələrdə qalıb

Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi qarşı tərəfdən icra olunmayıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Evinə çağırdığı ustaya ərə gedən qadın indi küçələrdə qalır. Sputnik Azərbaycan femida-ya istinadla xəbər verir ki, Sumqayıt şəhər sakini Xoşgül İzzət qızı Allahverdiyeva müraciətində həyat yoldaşı tərəfindən evinin satıldığını və hazırda küçələrdə yaşadığını bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu ona məxsus evi satdıqdan sonra arvadını küçələrdə qoyaraq Rusiya Federasiyasına gedib. Evlilikdən əvvəl 23 min dolları geri ala bilmədiyi üçün xanım məhkəməyə müraciət edib. Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi qarşı tərəfdən icra olunmayıb:

"Evimə çağırdığım usta bir müddət sonra mənə evlilik təklifi etdi. İlk vaxtlar buna etiraz etsəm də, sonradan razılaşdım. Bir gün anasını bizə elçi göndərdi. Evlənməmişdən əvvəl məndən pul istədi. Notarius qaydasında toydan əvvəl ona 23 min dollar pul verdim. Amma bunu borc kimi verdiyimi və evlilikdən sonra qaytaracağını dedim. Çünki o pulu məndən alarkən evlərinin tikintisinin sona çatdırılması üçün istəmişdi. Pulu ona verdikdən 3 gün sonra ailə həyatı qurduq…"

Xoşgül Allahverdiyevanın sözlərinə görə, həyat yoldaşı ona evi satdıqdan sonra torpaq aldığını deyib: "Mənim oxumağı bacarmadığımı bilirdi. Bundan istifadə edib, saxta sənədi mənə təqdim edib. Həmin sənəd tam başqa adamın adınadır. Həmin sənədi götürüb Sumqayıt Şəhər 4-cü Polis bölməsinə getdim. Orada polislər mənə dedi ki, bu sənəd saxtadır. Amma cinayət işi hələ başlanmayıb. Mənim də vəkil tutmağa imkanım yoxdur. Heç kimim də yoxdur. Xahiş edirəm, hüquqlarımın müdafiə edilməsində mənə kömək edin".

Bu günlərdə məlum olub ki, ərinin ona verdiyi torpaq sənədləri də saxtadır.