ELM

Direktoru "nəslini kəsməklə" hədələyən aktyor barəsində araşdırma başladı - VİDEO

Rza Rzayevdən hüquq-mühafizə orqanlarına müraciət edilib
Sputnik

BAKI, 6 fevral — Sputnik. Bakı şəhəri 220 nömrəli məktəb-liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır. Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

"Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib", — məlumatda bildirilib.

BŞTİ-dən qeyd edilib ki, 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib: "Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib".

"Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub",— İdarədən vurğulanıb.

Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, R.Rzayev rejissor və aktyordur.