Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 6 fevral — Sputnik. Binəqədi rayonunda naməlum şəraitdə Qarabağ müharibəsi veteranı və əlili, 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Yerli KİV-lərin yaydığı məlumata görə, qazi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, sözügedən rayonun Polis İdarəsinin 6-cı polis bölməsinin ərazisində döyülmə nəticəsində ölüb. Bildirilib ki, Əhmədov baş, boyun və bədənindən aldığı ağır zədələr nəticəsində aparıldığı xəstəxanada keçinib.
Prokurorluqdan verilən məlumata görə isə, KİV-də bu barədə yayılan informasiyalar əsassızdır, yəni Əhmədov döyülməyib: "Hazırda patoloqoanatomlar Əhmədovun cəsədi üzərində araşdırma aparırlar və tezliklə onun ölüm səbəbi məlum olacaq".
Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, M.Əhmədovu Bakı-Sumqayıt yolunda, Biləcəri enişi yaxınlığında tapıblar. Bədənindəki xəsarətlər göstərir ki, o, yol-nəqliyyat hadisəsinin qurbanı olub. Ehtimala görə, sürücü onu vuraraq hadisə yerindən qaçıb.
Bu hadisə ilə bağlı AR Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Təhqiqat davam edir.