RUSİYA

Vladimir Putinin namizədliyi qeydə alındı

Dövlət başçısına dəstək məqsədilə 1,6 milyondan artıq imza toplanıb, MSK-ya isə 314 min imza təqdim edilib
Sputnik

BAKI, 6 fevral — Sputnik. Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı Vladimir Putinin prezidentliyə namizədliyini rəsmən qeydə alıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Putinin namizədliyi bu gün Moskva vaxtı ilə saat 11:25-də qeydə alınıb və sonra ona namizədlik vəsiqəsi verilib.

Putin məzələndi: “Prezident seçilməsəm...”

Hazırkı dövlət başçısı seçkilərə öz istəyi ilə gedir və namizədliyi də onun özü tərəfindən irəli sürülüb. Namizədliyinin qeydiyyata alınması üçün o, hər regiondan 7,5 min imzadan çox olmamaq şərtilə, 300 mindən artıq seçicinin imzasını yığmalı olub. İmza vərəqələri və qeydiyyat üçün tələb olunan digər sənədlər MSK-ya yanvarın 29-da təqdim edilib.

Ümumilikdə, Putinə dəstək məqsədilə 1,6 milyondan artıq imza toplanıb, MSK-ya isə 314 min imza təqdim edilib. MSK sədrinin müavini Nikolay Bulayevin sözlərinə görə, komissiya cəmi 232 imzanın — yoxlama üçün seçilmiş imzaların 0,39%-nin tələblərə cavab vermədiyini müəyyən edib. Bu isə ötən seçki kampaniyaları ilə müqayisədə etibarsız imza sayına görə ən aşağı rekorddur.

Bazar günü imzaların yoxlanması ilə bağlı yekun protokol namizədin nümayəndəsinə təqdim edilib.

Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək. Putindən əvvəl MSK prezidentliyə iki namizədi qeydə alıb — RLDP lideri Vladimir Jirinovski və RFKP-dən olan partiyadankənar namizəd Pavel Qrudinin. Onlar parlament partiyalarından namizədliklərini irəli sürdükləri üçün, qeydiyyata görə imza toplamalarına ehtiyac olmayıb. Daha beş namizəd — Kseniya Sobçak, Maksim Suraykin, Qriqori Yavlinski, Sergey Baburn və Boris Titov isə qeydiyyata alınmalarını gözləyirlər.