ELM

Təhsilini davam etdirmək istəyənlərə hərbi xidmət müjdəsi

Bu məsələ "Peşə təhsili haqqında" yeni qanun layihəsində əksini tapıb
Sputnik

BAKI, 5 fevral — Sputnik. Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Peşə təhsili haqqında" yeni qanun layihəsində əksini tapıb.

Üç təbəqədən olan vətəndaşların təhsil haqlarını dövlət ödəyəcək

Qanun layihəsinin 4-cü (Peşə təhsili sahəsində dövlətin vəzifələri) maddəsində deyilir: "Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ vermək".

Qeyd edək ki, fevralın 1-də keçirilən Milli Məclisin plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Bu qanun Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.