BAKI, 5 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməlidir.
Qaydaya əsasən, sifarişçi hər növbəti il üçün aidiyyəti sahə üzrə təklif etdiyi təltiflərinin sayı və növü barədə məlumatları cari il mayın 1-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edir. Administrasiya Azərbaycan prezidenti ilə razılaşdırmaqla, təltiflərin təklif etdiyi sayı və növü barədə məlumatları növbəti büdcə ilində təltiflərin və təltifləri qablaşdırma vasitələrinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin hesablanması üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə göndərir.
İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin dəyərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir və növbəti büdcə ilində onların hazırlanmasının maliyyələşdirilməsi üçün vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflərini (təltiflərin və təltifləri qablaşdırma vasitələrinin növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı göstərilməklə) cari il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim edir. İşlər İdarəsi təkliflərini Maliyyə Nazirliyinə təqdim etdikdən sonra Maliyyə Nazirliyi tələb olunan vəsaitin dövlət büdcəsində proqnozlaşdırılması üçün tədbirlər görür. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanması məqsədilə, onların növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı nəzərə alınmaqla, dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayır.
Maliyyə Nazirliyi İşlər İdarəsindən daxil olmuş sifarişlər əsasında təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanmasının maliyyələşdirilməsini 2018-ci il dövlət büdcəsi hesabına həyata keçirir.