HADİSƏ

Bakıda oğul atasını cinsi oriyentasiyasına görə öldürüb - Müdhiş ssenari

Atasını əmisinin bağ evində qətlə yetirdikdən sonra evi yandırıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Bakının Xəzər rayonunun Pirallahı qəsəbəsinin sakini, B. Ə. (adlar və soyadlar etik cəhətdən dəyişdirilib — red.) öz oğlu C. Ə.-nin sifarişi ilə qətlə yetirilib. Fevralın 1-də törədilmiş bu vəhşicəsinə qətlin təfərrüatları istintaqa məlum olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Atasını bıçaqlayaraq qətlə yetirdi, sonra meyitini yandırdı - RƏSMİ

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, B. Ə.-nin cəsədi Zirə qəsəbəsində, onun qardaşı O. Ə.-yə məxsus bağ evində tapılıb. Lakin sonuncunun bu qətllə heç bir əlaqəsi yoxdur.

Kişi kəsici-deşici alətlərin köməyi ilə qətlə yetirilib, sonra qatil evə meyitlə birlikdə od vurub. Nəticədə meyit tamamilə yanıb.

Araşdırma zamanı qətlin iştirakçıları məlum olub. Onlar qətlin qurbanının oğlu C. Ə. və onunla həmyaşıd dostları — əvvəllər məhkum olmuş Vəlican D. və Nəcməddin İ.-dir.

Saxlanılan oğul öz ifadəsində bildirib ki, atasının qətlinə ailəsinin namus və şərəfini qorumaq üçün qısqanclıq zəminində fərman verib. Onun sözlərinə görə, hərbi xidməti başa vurub evə qayıdarkən qəsəbədə atasının qeyri-ənənəvi seksual oriyentasiyanı təmsil etdiyi barədə söhbətlər eşidib. Ailədəki bu rüsvayçılığı qanla yumaq qərarına gəlib.

Bu səbəbdən də dostlarına müraciət edib. Planını həyata keçirmək üçün atasını söhbət adı ilə Zirə qəsəbəsində yerləşən, əmisinə məxsus bağ evinə çağırıb.

İstintaqa məlum olub ki, qətli Vəlican D. icra edib. O, əvvəlcə kişinin başına balta ilə vurub, sonra ona bir neçə bıçaq zərbəsi endirib. Cinayətin iştirakçıları meyiti hadisə yerində qoyaraq çıxıb gediblər. Üç saat sonra isə bir kanistr benzinlə qayıdaraq evi yandırıblar.

Qeyd edək ki, Nəcməddin İ. qətlin törədilməsində iştirak etməyib, amma qətlin təşkilində iştirak edib. O, cinayətin gizlədilməsinə görə məsuliyyətə cəlb edilib. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.