Beynəlxalq qalmaqal: Niderland və Türkiyə arasında diplomatik əlaqələr kəsildi

Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb
Sputnik

BAKI, 5 fevral — Sputnik. Niderland krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirlib ki, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək. XİN-in məlumatına görə, bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırılıb.

Qeyd edək ki, Niderland hökuməti 2017-ci il iyulun 7-də Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi "arzuolunmaz şəxs" ("persona non-qrata") elan edib. Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Haaqada yerləşən "Azərbaycan-Türk Mədəniyyət Dərnəyi"nin binasına hücum edilib. Binanın pəncərələri sındırılıb.