Bu ərazilərdə torpaq sürüşməsi aktivləşib

"Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxmağa başlayıb"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Cəlilabad rayonu ərazisində olan torpaq sürüşməsi zonaları son günlər aktivləşib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, son yağıntılı günlərdən sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə aktivləşməyə başlayıb.

Bu ərazilərdə sürüşmə zonaları aktivləşib

Kövzübulaq və Pərdi kəndləri arasından keçən yolun müxtəlif hissələrində iri çatlar yaranıb. Yağıntıların təsirindən isə asfalt örtük tədricən sıradan çıxmağa başlayıb. Yoldan istifadə edən sürücülər bunun daha da təhlükəli ola biləcəyindən narahatdırlar. Onların sözlərinə əsasən, bəzən avtomobilləri yollarda qalır və traktor vasitəsilə dartıb çıxarırlar. Burada olan yol yatağının eroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır.

Kənd sakinləri Sputnik Azərbaycan-a bildirirlər ki, çökmənin yaranmasına digər səbəb isə tez-tez ağır tonnajlı yük avtomobillərinin ərazidən keçməsidir. Yolun Xanəgah kəndində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın etməyə başlayıb.

Məlumat üçün bildirək ki, Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq ərazilərdən keçdiyi üçün aktiv sürüşmə zonasında yerləşir və hər il payız-qış mövsümündə ərazidə torpaq sürüşməsi aktivləşir.