CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tibbdə növbəti inqilab: İnsanlara qulaq əkildi

Həkimlər laboratoriyada uşaqlar üçün təbii qulaq hazırladılar
Sputnik

BAKI, 3 fevral — Sputnik. Çində alimlər laboratoriya şəraitində qulaqsız doğulan beş uşaqda qulağın əmələ gəlməsinə nail olublar. Sputnik Azərbaycanı xarici mediaya istinadla xəbər verir ki, bu barədə EBioMedicine nəşri məlumat yayıb.

Alimlər bildiriblər ki, qulağın yetişdirilməsində uşaqların öz xondrositlərindən — qığırdaq toxuması hüceyrələrindən istifadə ediblər. Onlar 3D model kompüter tomoqrafiyasının köməyi ilə gələcək qulağın əmələ gəlməsi üçün müvafiq çərçivəni (karkası) formalaşdırıblar. Bir qulağın əmələ gəlməsi üçün 3 ay vaxt lazım gəlib. Bundan sonra həmin orqanı uşaqlara nəql ediblər. Qulaq kanalı isə olduğu kimi saxlanılıb.

Qulaqlar əkiləndən sonra alimlər 2-2,5 il ərzində uşaqları müşahidə ediblər. Alimlərin sözlərinə görə, qulaqlar 6-9 yaşlı uşaqlara əkilib. Mikrotiya (qulaq seyvanının olmaması) ilə doğulmuş balaca pasientlər bu əməliyyatdan sonra öz yaşıdları arasında qulaqsız olmaları ilə bağlı yaşadıqları komplekslərdən azad ola biliblər.

Alimlər bildiriblər ki, uşaqlara nəql edilmiş qulaqlarda heç bir problem yoxdur. Orqan formasını və elastikliyini saxlayıb, iltihаb və qəbul edilməmə əlamətləri yoxdur. Tibb alimləri əməliyyatın 100%-lik uğurları barədə bəyanat verməyə tələsmirlər. Onlar yekun nəticənin tamamilə müsbət olduğuna əmin olmaq üçün uşaqların müşahidəsini davam etdirirlər.