QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Niderlandda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsində rolu, xüsusilə TAP, TANAP layihələrinin əhəmiyyəti barədə danışılıb
Sputnik

BAKI, 3 fevral — Sputnik. Bu gün Haaqada Azərbaycan və Niderland Xarici İşlər Nazirlikləri arasında növbəti ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Niderland krallığındakı nümayəndəliyindən məlumat verilib.

Siyasi məsləhələtləşmələrdə Niderland Xarici İşlər Nazirliyi Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndə Adrian Palm və Siyasi Məsələlər üzrə Baş Direktorun müavini Piter Yan Klayveq de Zvan, Azərbaycan isə xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən təmsil olunub. Hər iki tərəf iki ölkə arasında müntəzəm şəkildə siyasi məsləhətləşmələrin aparılmasının ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Xələf Xələfov Hollandiyada

Aparılan müzakirələrdə Niderland rəsmiləri birmənalı şəkildə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdıqlarını rəsmi şəkildə bir daha vurğulayıb, ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduqlarını bildirib. Siyasi məsləhətləşmələr zamanı X.Xələfov Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsində rolu, xüsusilə TAP, TANAP layihələrinin əhəmiyyəti barədə məlumat verib. X.Xələfov ölkəmizin qeyri-neft sektorunun inkişafı, nəqliyyat, kommunikasiya və turizm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələlərini də qarşı tərəfin diqqətinə çatdırıb. X.Xələfov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadi, siyasi və humanitar sahədə ölkəmizdə həyata keçirilən islahatlar ilə bağlı Niderland tərəfini məlumatlandırıb. X.Xələfov qarşı tərəfə Azərbaycanın Expo-2025 sərgisinə ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı dolğun məlumat vermiş və bu xüsusda, Niderland tərəfinin Bakının namizədliyinə dəstək verməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndiriləcəyini vurğulayıb.

Tərəflər regional və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər, Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək ilə bağlı müzakirələr aparıb, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən Avropa Şurası, BMT-nin İnsan Hüquqları Şurası, Avropa İttifaqında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Həmçinin, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti ilə bağı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.