CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaraçı dramı: Yevlaxdan gəldilər, Pirallahıda oğurladılar, Hacıqabulda tutuldular...

Hay-küylü qaraçı dəstəsi oğurluqdan qayıdarkən polis tərəfindən saxlanılıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Qaraçıların oğru olması yarlıq deyil, həqiqətdir. Pirallahı rayon Polis İdarəsi və Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları səs-küylü qaraçı dəstəsini saxlayıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Polis Hacıqabul rayonu ərazisində Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Əhmədov İxtiyar Veysəl oğlunun idarə etdiyi 90 FG 281 dövlət nömrə nişanlı BYD markalı avtomobili qovaraq saxlayıb.

Avtomobildə Yevlax rayon sakinləri olan qaraçılar — əvvəllər AR Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olmuş 1962-ci il təvəllüdlü Nadirova İmarət Hacı qızı, 1980-ci il təvəllüdlü Mustafayeva Samirə Paşa qızı və 1988-ci il təvəllüdlü Nadirova Gülnarə Nəbi qızı olub.

Saxlanılan bu dörd nəfər yanvarın 31-də saat 12:30 radələrində Pirallahı qəsəbəsi ərazisində yerli sakin, 1966-cı il təvəllüdlü Marina Ağayevaya məxsus mağazadan dublyonka oğurlamaqda təqsirli bilinir. Polis oğurlanmış dublyonkanı maşındakı qadınlardan birinin əynində görüb. Qadın oğurluq dublyonkanı dərhal əyninə geyibmiş. Məlumata görə, qaraçılar adətən qrup şəklində gəzirlər. Onlardan biri satıcının başını qatır, digərləri isə həmin vaxt oğurluq edirlər. Ağayevanın mağazasında da belə olub.

Qeyd edək ki, Yevlax rayonunda Azərbaycanın bir neçə digər rayonunda olduğu kimi, qaraçıların yaşadıqları məhəllələr var. Buna görə də, yalnız kiçik oğrular deyil, həm də dilənçilərin çoxu bu rayondan çıxır.