BAKI, 1 fevral — Sputnik. "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Bununla bağlı dövlət başısı sərəncam imzalayıb və bu səpkidə işlər gedir. Bundan başqa, bu il dövlət müstəqilliyinin qorunub saxlanmasında, üçrəngli bayrağımızın qaldırılmasında, Azərbaycanda hüquqi, demokratik dövlət quran ulu öndərin anadan olmasının 95 illiyidir. Bununla bağlı tədbirlər planına bəzi məsələlər daxil edilməlidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. "Ümumilli liderimizin əsas fəaliyyəti dövründə prinsipi ölkədə humanizm yaratmaq olub. Humanizm ulu öndərin həyat meyarı olub. Məhz 1995-ci ildən 2018-ci ilədək istər ulu öndərin, istərsə də prezident İlham Əliyevin hakimiyyəti dövründə amnistiya və əfv fərmanları qəbul edilib. 63 əfv və 11 amnistiya qərarı verilib".
Komitə sədri bildirib ki, hər bir deputat amnistiya təşəbbüsü ilə çıxış edə bilər: "Bu, həm AXC-nin 100 illiyinə, həm də ulu öndərin 95 illiyinə verilən qiymət ola bilər".
S.Novruzov bildirib ki, bir neçə məsələdə bu akt fərqli olmalıdır. "Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər".
"Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var. Onlara da tətbiq oluna bilər" — deputat vurğulayıb.