Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 31 yanvar — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları polisə silahlı hücum edən şəxsi axtarır. Bu barədə Sputnik Azərbaycan-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Şübhəlinin şəxsiyyəti hələlik müəyyən edilməyib, lakin bu istiqamətdə iş aparılır. Əldə etdiyimiz məlumata görə, cinayət yanvarın 20-də axşam saat 11 radələrində Yeni Gəncə qəsəbəsində törədilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün serjantı Əhmədov Natiq Camal oğlu mülki geyimdə evinə qayıdarkən naməlum şəxs onu "Makarov" tapançasından atəşə tutub. Polis ayağından yaralanıb. Atəş yaxın məsafədən açılıb.
Faktla bağlı müxtəlif versiyalar var. Ən çox ehtimal olunan versiya hücumun intiqam məqsədilə edildiyidir.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.