CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən vacib viza fərmanı

Prezident aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev respublikanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. 

Prezidentdən mühüm viza qərarı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirməli, Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi və müvafiq ölkələrin diplomatik nümayəndəliklərinin məlumatlandırılması üçün tədbirlər görməlidir.

Fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.