Soçi görüşünün nəticəsi açıqlandı: Razılaşma əldə olunub

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə bu ölkənin bütün siyasi, etnik və konfessional qruplarını təmsil edən 1500-dən çox iştirakçı qatılıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin iştirakçıları arasında Konstitusiya Komissiyasının yaradılmasına dair razılıq əldə olunub. Forumda seçiləcək şəxslər və Konqresdə iştirak etməyən qrupların nümayəndələri Komissiyanın üzvü olacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, qeyd olunan komissiya Cenevrədə fəaliyyət göstərəcək.   

Nazir qeyd edib ki, Konstitusiya Komissiyası BMT-nin 2254 qətnaməsinə uyğun olaraq yaradılıb.

"Suriyanın yeni Konstitusiyasını hazırlayacaq bu yeni qurumun fəaliyyəti Cenevrədə təşkil olunacaq", — deyə S.Lavrov qeyd edib.  

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə bu ölkənin bütün siyasi, etnik və konfessional qruplarını təmsil edən 1500-dən çox iştirakçı qatılıb.