BAKI, 31 yanvar — Sputnik. Jurnalist Ağanisə Sultanovanın evində oğurluq hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalist öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, dünən axşam saatlarında evdən jurnalistə məxsus pul və qızıl əşyaları oğurlanıb.
"Bu gün saat 8-ə işləyəndə evə gəldim. Qapının tutacağı, qıfılı sındırılmışdı. Amma bağlı idi. Polislər gələndən sonra qapı açıldı. Evin altı üstünə çevrilmişdi. Divar, dolabın üstü qan idi. Qızıl, zinət əşyası taxmağı sevmədiyim üçün hər şey siyirmədə idi", — A.Sultanova yazıb.
"Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyatərindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Məni bütün maddi ziyanlardan çox hər dəfə aldığım mənəvi zərbələr ağrıdır", — o əlavə edib.
Qeyd edək ki, uzun müddət "Xalq qəzeti"ndə çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib. Ona 2013-cü ildə prezident İlham Əliyev tərəfindən jurnalistlərin binasından ev verilib.