HADİSƏ

Azərbaycanlı biznesmen girovluqdan azad edildi

"Hazırda Ukraynada cinayətkarlığın səviyyəsinin artdığı müşahidə olunur və bu, əhalini narahat edir"
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Ukraynanın hüquq-mühafizə orqanları azərbaycanlı biznesmen Hikmət Abdullayevin oğurlanması faktının üstünü, Azərbaycan diasporunun Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında keçirdiyi aksiyadan cəmi 5 gün sonra açıb. Bu barədə Sputnik Azərbaycan-a Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev məlumat verib.

Ukraynada azərbaycanlıların oğurlanmasının arxasında kim dayanır?

Onun sözlərinə görə, faktla bağlı üç nəfər saxlanılıb ki, onların da hamısı azərbaycanlılardır: "Abdullayev ötən ilin 11 dekabrında oğurlanıb. Cinayətkarlar onu düz bir ay girov saxlayıblar. O, azadlığa buraxılana qədər biz Prezident Administrasiyasına və Baş Prokurorluğa müraciət etmişik. Yeni il qabağı zərərçəkmişin oğlu və qardaşı ilə görüşdük. Onların Ukrayna DİN-in rəhbərliyi ilə görüşü təşkil olundu. DİN-in qarşısında etiraz aksiyası keçirdik və bundan beş gün sonra adam oğruları girovu azadlığa buraxdılar".

Tağıyev qeyd edib ki, hazırda Ukraynada cinayətkarlığın səviyyəsinin artdığı müşahidə olunur və bu, əhalini narahat edir. Onun sözlərinə görə, kriminogen vəziyyət təkcə ona görə pisləşməyib ki, daxili işlər orqanlarından peşəkarları qovublar, həm də ona görə pisləşib ki, onların yerini təcrübəsiz gənc kadrlar tutublar.

"Cinayətkarlığın artmasının digər səbəbi isə insanların müharibədən keçməsidir. Hərbi əməliyyatların getdiyi ərazilərdən qayıdan bir çoxlarının — onların sayı yüz minlərlədir — normal həyat şəraiti yoxdur. Bu isə onları cinayət törətməyə təhrik edir. Əvvəllər törədilmiş digər cinayətlərin üstü isə hələ də açılmamış qalır", — deyə diaspor rəhbəri bildirib.

Adam oğurluğunun kütləvi hal alması Ukraynadakı azərbaycanlıları narahat etməyə bilməz. Tağıyev bildirib ki, Ukraynadakı azərbaycanlı biznesmenlərin oğurlanmasında transmilli cinayətkar qrupların əli ola bilər: "Bunu oğurlanmış şəxslərin qohumlarına gələn zənglər də göstərir. Çünki həmin zənglər başqa ölkələrin ərazilərindən gəlir".

Bu ilin yanvarın 10-da yüzlərlə azərbaycanlı Ukrayna DİN-in binası qarşısında cinayətkarların cəzalandırılması, həmyerlilərimizə qarşı hücumlara son qoyulması tələbləri ilə mitinq keçirib. Hələ 2016-cı ilin sentyabrında da azərbaycanlılar eyni tələblərlə etiraz aksiyası keçirmişdilər. Onlar Ukraynanın hüquq-mühafizə orqanlarından həmvətənlərimizin qurbanı olduğu adam oğurluğu cinayətlərinin üstünün az açılmasının səbəbləri barədə hesabat verməyi tələb edirdilər.

Son üç ildə Ukraynada 20-dən çox azərbaycanlı biznesmen və onların uşaqları oğurlanıb. Bundan əlavə, tez-tez tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları baş verir.