CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şeyx Həmzət və "Lotu Quli" qarşıdurması milli münaqişəyə çevrilə bilərmi?

Rüfət Şıxıyev: “Avtoritetlər arasındakı çəkişmə Azərbaycan və çeçen xalqları arasında nifaq toxumu səpə bilməz”
Sputnik

BAKI, 30 yanvar — Sputnik. “Son zamanlar tez-tez Azərbaycan və Çeçenistandan olan kriminal qruplaşmalar arasında insident yaşandığının şahidi oluruq. Hər iki xalqdan olan avtoritetlər arasındakı nüfuz savaşlarına Rusiya və Türkiyənin ayrı-ayrı şəhərlərində rast gəlinir. Azərbaycan və Çeçenistan respublikaları, xalqları arasındakı tarixi-mədəni və dini bağlılığı nəzərə alsaq, bu kimi məlumatların yerli mətbuatda yayılması təəssüflə qarşılanmaya bilməz. Mən bununla razı deyiləm”.

Bu sözləri Sputnik Azərbaycan-a Çeçen-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Rüfət Şıxıyev bildirib.

Lənkəranskinin qatillərinə müharibə elan edən "qanuni oğru" azadlığa çıxdı

Onun sözlərinə görə, KİV-də belə bir informasiya gedib ki, yeni il ərəfəsində Moskvada “qanuni oğru” "Lotu Quli" çeçenlərlə haqq-hesab çəkmək üçün 700-dək döyüşçü toplayıb. Guya ki, İstanbulda “qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsindən sonra cərəyan edən hadisələr, xüsusilə şəxsi iddialarından irəli gələrək kriminal avtoritetlər olan Şeyx Həmzətlə "Lotu Quli" arasında münaqişə, Azərbaycan və çeçen xalqları arasında ikitirəlik yarada bilər.

R.Şıxıyev hesab edir ki, kriminal mühitdə və digər "oğru" məkanlarında Şeyx Həmzət və "Lotu Quli"nin maraqlarının toqquşması Çeçen və Azərbaycan xalqlarına heç bir aidiyyatı yoxdur. Onlar arasında narazılıqlar qardaş Azərbaycan və çeçen xalqları arasında nifaq toxumu səpə bilməz. Bizim xalqları bir-birinə əsrlərlə davam edən dostluq və əməkdaşlıq bağlayır. Azərbaycan və Çeçenistanın arasında münasibətlər işgüzar, mədəni və dini əlaqələrə dayaqlanır.

"Etnik kriminalın nümayəndələri arasında ziddiyyətlər nə qədər ciddi olsa da, dəqiq bir həqiqəti bilmək lazımdır ki, bu, yalnız kriminal haqq-hesablardır və burada millətlərarası maraqların toqquşmasından söz gedə bilməz. Burada əsas odur ki, çeçenlər və azərbaycanlılar arasında nifrət və düşmənçilik hisslərinin formalaşmasına yol ver vermək olmaz. Şeyx Həmzətlə şəxsi tanışlığımı və onun Azərbaycan xalqına sayğılı münasibətini nəzərə alaraq, əminəm ki, o buna yol verməz. Ümid edirəm ki, "Lotu Quli" da bu məqsədləri güdmür. KİV öz xəbərlərində "ziyan verməmək" prinsipinə əməl etməli və süni olaraq cəmiyyətdə "gərginlik hərarətini" qaldırmamalıdır, kriminal mühitdə münaqişələr barədə məlumatların yazılmasında korrekt olmalıdır və milliyyəti kriminal qruplardan ayırmalıdır.

Hal-hazırda, media texnologiyaları və informasiya müharibələri dövründə, KİV-in üzərində millətlərarası nifaq ideologiyasının yayılmasının qarşısını almaq kimi vəzifə durur", – deyə o bildirib.