Soçidə gözlənilməz vəziyyət: Türkiyə niyə tək qaldı?

Hazırda davam edən Suriya Milli Dialoq Konqresində müxalifləri Türkiyə təmsil edir
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Suriyalı müxaliflər Rusiyanın Soçi şəhərində keçirilən Milli Dialoq Konqresinə qatılmaqdan imtina edib. Sputnik xəbər verir ki, müxalif qruplar özlərinin yerinə Türkiyənin onları təmsil etməsini istəyiblər.

Onların nə üçün son anda zirvəyə qatılmaq istəmədikləri daha sonra aydın olub. Belə ki, İstanbuldan Soçiyə hərəkət edən müxaliflər Soçi hava limanında Suriya rejimini təmsil edən bayrağı və loqoları gördükdən sonra şəhərə girmək istəməyiblər. Soçidəki türk rəsmilər problemdən xəbər tutan kimi Kreml ilə telefon əlaqəsi yaradıblar. Həmin ərəfədə müxalif heyətin rəhbərliyi Türkiyə dövlətinin onların adına zirvədə iştirakını istəyib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, hazırda davam edən Suriya Milli Dialoq Konqresində müxalifləri Türkiyə təmsil edir. Konqresin yekununda elan edilməsi gözlənilən konstitusiya komissiyasının tərkibini türklərin yaxından izləyəcəyi qeyd olunub.

Digər tərəfdən, dünən günorta saatlarında Soçiyə gələn BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura (Staffan de Mistura) müxaliflərin iştirakdan imtina etməsindən sonra konqresin son — bugünki iclasına qatılıb-qatılmamaq barədə qərar verə bilmədiyini açıqlayıb.