CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının müxtəlif ərazilərində sürüşmə aktivləşib

Nübar qəsəbəsində də çoxsaylı evlərdə sürüşmə, çökmə və çatlar var
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun Nübar qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki Zəli gölü adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, Zığ ərazisi qədim sürüşmə zonasıdır: "Burada zaman-zaman sürüşmələr olub. Orada böyük tektonik qırılma xətti keçir. Bu ərazidə 100-dən çox qəzalı ev var idi. Orada aktivlik hər zaman müşahidə edilib. Və son vaxtlarda daha çox hiss edilir".

Ə.Qaralovun sözlərinə görə, Zəli gölü ətrafında da aktiv sürüşmə müşahidə edilir. Lakin bu proses keçən ildən müşahidə edilir və ərazidə 7-yə yaxın qəzalı ev var: "Bu ərazidə sürüşməyə səbəb yamacın kəsilməsidir. Vətəndaşlar yamacı kəsib, özlərinə ev tikiblər".

Qaralov qeyd edir ki, Nübar qəsəbəsində də çoxsaylı evlərdə sürüşmə, çökmə və çatlar var.