Kreml: ABŞ düşmənlərinin siyahısını açıqlayıb

Peskov: "Kreml hesabatı" faktiki olaraq ABŞ-ın düşmənlərinin siyahısıdır
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Kreml siyahısı"na adı düşən rusiyalı siyasətçilər və biznesmenlər de-fakto olaraq ABŞ-ın düşmənləridir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bildirib.

O, yayımlanmış bu siyahıyanın bənzərinin olmadığını qeyd edib.

"Əgər siz bu sənədin başlığını və mətnini oxusanız, görərsiniz ki, bütün bunlar Amerika Birləşmiş Ştatlarının düşmənlərinə qarşı mübarizə haqqında qanuna uyğun olaraq həyata keçirilir. Buna görə də, de-fakto olaraq bütün bu şəxslər ABŞ-ın düşmənləri adlandırılıb. Bu, bir bəyanat, bir yanaşmadır", – deyə Peskov bildirib.

ABŞ-dan Rusiyaya qarşı sensasion qərar

O, həmçinin qeyd edib ki, bu siyahıya qiymət vermək üçün əvvəlcə onu analiz etmək lazımdır.

"Bütövlükdə bu sənədi başa düşmək çətindir. Ona görə də onu başa düşmək üçün üzərində işləmək lazımdır. Məsələn: a) hansı motivasiya; b) siyahıya adının daxil olma səbəbi, daxil olmama səbəbi və s. Hələlik suallar cavablardan çoxdur", — Kremlin sözçüsü əlavə edib.

Peskov qeyd edib ki, bu siyahı rusiyalı siyasətçilərə və biznesmenlərə zərər vura, onların "imic və nüfuzu"na xələl gətirə bilər. Bununla yanaşı, o qeyd edib ki, özü adının bu siyahıya salınmasına biganədir.

ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 29-da Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub.

Siyahıda Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Moskva meri Sergey Sobyanin, Kremlin sözçüsü Dmitri Peskov və digər məşhur şəxslərin adları var.