BAKI, 30 yanvar — Sputnik. ABŞ-ın Maliyyə Nazirliyi Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Sputnik xəbər verir ki, paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub.
Baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenkonun adı da həmin siyahıya salınıb.
"Kreml hesabatı" adlı sanksiya sənədində Rusiyanın digər 19 nazirinin də adı var.
Burada Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov, müavinlər Sergey Prixodko, Aleksandr Xloponin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodes, Dmitri Kozak və Dmitri Roqozinin də adları yer alıb.
Sənədə Rusiya hökumətinin, prezident aparatının, Dövlət Dumasının, Federasiya Şurasının, Təhlükəsizlik Şurasının əsas üzvlərinin adları salınıb. Rusiya Prezident Aparatının rəhbəri Anton Vayno, administrasiya rəhbərinin birinci müavinləri Aleksey Qromov və Sergey Kiriyenko, müavinləri Maqomedsalam Maqomedov, Vladimir Ostrovenko, prezident Putinin mətbuat katibi Dmitri Peskov və prezident protokolunun rəhbəri Vladislav Kitayevin adları daxil edilib.
"Kreml hesabatı" adlı sanksiyalar paketinin nədən ibarət olduğu hələlik tam açıqlanmayıb.
Vaşinqtonun bu addımına Moskvanın nə cavab verəcəyi maraqla gözlənilir.
Dmitri Peskov bildirib ki, "Kreml hesabatı" Rusiyada keçiriləcək seçki kampaniyasına təsir etmək üçün birbaşa və açıq cəhddir.