BAKI, 30 yanvar — Sputnik. "Bakı Metropoliteni" QSC "Metroda oxu" adlı növbəti sosial-aksiya həyata keçirir. Bakı Metropoliteninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır.
Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu heşteqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə etmək olar.
"Bakı Metropoliteni" QSC "Əli və Nino" mağazalar şəbəkəsi ilə birlikdə həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə ediləcək. Bu kuponla "Əli və Nino" kitab mağazaları şəbəkəsindən kitab almaq olar.
Qeyd edək ki, "Metroda oxu" adlı sosial-aksiya mayın 1-nə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir.