BAKI, 29 yanvar — Sputnik. Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil. FHN-dən, həmçinin hadisə ilə bağlı əlavə məlumat veriləcəyi də bildirilib.
Bu deyilənləri hadisə yerində olan Sputnik Azərbaycan-ın müxbiri də təsdiq edib: "Ərazidə böyük bir yanğın olmayıb. Hadisə yerində yaşayanların dediklərinə görə, zibillik yanıb. Heç bir yerdə problem olmayıb. Ciddi bir şey yoxdur".
Xatırladaq ki, paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasında yanğın barədə məlumat bir qədər öncə yayılmışdı. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Rauf Nağıyev Sputnik Azərbaycan-a hadisə yerinə iki təcili yardım briqadasının göndərildiyini bildirmişdi.