BAKI, 29 yanvar — Sputnik. Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, — deyə nümayəndə bildirib.
"Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı — Mübariz Hüseynov və Ruslan Əlizadə olub.