MƏDƏNİYYƏT

Aygün Kazımovanın fərqli və təvazökar doğum günü - VİDEO

Xalq artisti bu dəfə doğum gününü yaxınları, dostları ilə birgə dar çərçivədə qeyd edib və ancaq bəzi həmkarlarına dəvət yollayıb
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Xalq artisti Aygün Kazımova paytaxt resoranlarından birində doğum gününü qeyd edib. Müğənninin yaxın ətrafından Sputnik Azərbaycan-a bildiriblər ki, yaşının üstünə yaş gələn Aygün Kazımova bu dəfə doğum gününü yaxınları, dostları ilə birgə dar çərçivədə qeyd edib və ancaq bəzi həmkarlarına dəvət yollayıb.

Adətən Aygün Kazımova doğum gününü yüksək səviyyədə və təmtəraqla qeyd edir, tədbirin işıqlandırılması üçün KİV nümayəndələrini dəvət edir. Bu dəfə isə o fərqli addım atıb. Müğənni tədbirin keçiriləcəyi yeri ciddi şəkildə gizlədib və onun işıqlandırılmasına icazə verməyib. 47 yaşı tamam olan Aygün Kazımova qonaqların qarşısına xüsusi olaraq onun üçün tikilmiş ağ kostyumda çıxıb.

Aygün Kazımova Azərbaycan pop-musiqisinin ən məşhur adlarınan biridir. O, karyerasına 1988-ci ildə "Bakı payızı-88" müsabiqəsində qalib gələndən sonra başlayıb. Sonra Yurmalada və "Asiya Dausı" müsabiqələrində iştirak edib. Müğənni 1996-cı ildə İstanbuldakı beynəlxalq müsabiqənin qalibi olub.