MƏDƏNİYYƏT

"Hicran"ın əvəzedilməz Çarlistonu

Ofeliya Aslanın "Hicran" tamaşasında canlandırdığı Çarliston obrazını unutmaq mümkün deyil
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Ofeliya Rza qızı Əfqanlı (Aslan) 1939-cu ildə Bakıda görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub.

Kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında (1956-1958), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1958-1961) işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub. 1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub.

Aktrisa Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb.

Ofeliya Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. O, Azərbaycan televizyasının bir sıra teletamaşalarında yaddaqalan rollar oynayıb. Mozalan Satirik Kinojurnalının bir neçə nömrəsində çəkilib. Həmçinin bir sıra filmlərdə rol alıb.

18 may 2010-cu ildə iki illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.

Ofeliya Aslan Səyavuş Aslanın həyat yoldaşı olub.