Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 27 yanvar — Sputnik. Bir neçə gündür Masallı, Lənkəran və Astara rayonlarında fasiləsiz yağan yağış Lerik və Yardımlı rayonlarında qarla əvəzlənib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar xüsusilə Lerik rayonunu ağuşuna alıb.
Belə ki, rayon mərkəzində qarın hündürlüyü 26 sm təşkil etdiyi halda, ucqar Orand, Nuravud, Pirəsora və Sorçay ərazilərində 40-50 sm-dir. Yağan qar dağ yollarında avtomobillərin hərəkətində çətinliklər yaradıb. Yolların qardan təmizlənməsi üçün ağır texnika və canlı qüvvə cəlb edilib.
Yardımlı rayonunda isə yağan qarın qalınlığı mərkəzdə 20 sm, yüksək dağlıq ərazilərdə isə 25-30 sm olub. Hal-hazırda bölgənin dağlıq ərazilərində qar yağması davam edir.
Qeyd edək ki, ümumilikdə bölgədə havanın temperaturu —3 dərəcəyə enib. Dağlıq ərazilərdə —5-7 dərəcə şaxta var, saniyədə 10-15 metr sürətlə şimal-qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin 29 yanvar tarixinə kimi davam edəcəyi proqnozlaşdırılır.