HADİSƏ

"Teleqüllə" ətrafında sürüşmə davam edir, nazir operativ tapşırıq verdi

Əziz Qaralov: "Biz daha dərin qatları öyrənməyə çalışırıq, çünki proses dərinlikdə baş verir"
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Bakıda Bayıl yamacında sürüşmə davam edir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Sürüşmə zonasından köçürülmüş sakinlərə kirayə pulu veriləcək

O bildirib ki, ərazidə araşdırma aparılır və nəticələrə görə, son gün sürüşmə cüzi olub: "Biz daha dərin qatları öyrənməyə çalışırıq. Çünki proses dərinlikdə baş verir. Sürüşmə əvvəlki günlərə nisbətən azalıb. Ancaq qeyd etməliyəm ki, proses davam edir, dayanmayıb".

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da bu gün Bayıl yamacında sürüşmə ilə bağlı əraziyə baxış keçirib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xatırladaq ki, bir müddətdir ki, "Teleqüllə" yaxınlığında uzunluğu 70, eni 1, dərinliyi isə 6-7 metr olan çatlar yaranıb və ərazidə sürüşmə prosesi başlayıb. Baş verən hadisə ilə əlaqədar sürüşmə zonasında yaşayan insanlar evlərindən çıxarılıb və müvəqqəti olaraq sığınacaqlara yerləşdirilib.

Ərazidə 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.